More Website Templates @ TemplateMonster.com - May 05, 2014!
Hz. Luta gələn elçilər

Hz.İbrahimə gələn elçilər bu mübarək insanı saleh bir övladla müjdələmişdi. Elçilərin verdiyi digər bir xəbər isə Lut qövmü ilə bağlıdır:

"Elçilərimiz İbrahimə müjdə gətirdikləri zaman: "Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalimdirlər" -dedilər" ("Ənkəbut" surəsi, 31).

Ayələrdə Hz.Luta gələn elçilər isə bu şəkildə xəbər verilir:

"Elçilərimiz Lutun yanına gəldikləri zaman əndişəyə düşdü, ürəyi sıxıldı və: "Bu, çox çətin bir gündür!" - dedi" ("Hud" surəsi, 77).

Quranda Hz.Lutun içində yaşadığı azğın qövmün Hz.Luta elçilər gəldiyini xəbər alaraq onların yanına getdiyi bildirilir:

"Cəlalıma and olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər..." ("Qəmər" surəsi, 37).

Hz.Lut isə qövmünü bu şəkildə xəbərdar edir:

"Tayfası tələsik yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. Lut onlara dedi: "Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır. Onlar (nigah baxımından) sizin üçün daha təmizdirlər. Allah`dan qorxun və məni qonaqların yanında rüsvay etməyin, Məgər aranızda ağlı başında bir adam yoxdur?" Onlar dedilər: "Sənin qızlarına heç bir rəğbətimiz olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!"" ("Hud" surəsi, 78-79).

Hz.Lutun "budur, mənim qızlarım" ifadəsi ilə işarə etdiyi məsələ öz qızları ola biləcəyi kimi qövmündəki digər gənc qızlar da ola bilər. O bu ifadəsi ilə qövmünə Allah`ın məşru qıldığı şəkildə, yəni bir kişi ilə bir qadın arasında və nikah altında gerçəkləşəcək bir bağlılığa qane olmalarını tövsiyə edirdi (Ən doğrusunu Allah bilər). "Məgər aranızda ağlı başında bir adam yoxdur?" ifadəsi isə qövmün hamısının azğınlıq içində olduğunu göstərir. Hz.Lut Allah`ın seçdiyi şərəfli və gözəl əxlaqlı bir insan olaraq əxlaqına yaraşmayan bir həyat tərzi keçirən bu qövm arasından çıxmaq istəyirdi:

"Lut dedi: "Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim!"" ("Hud" surəsi, 80).

Ancaq Rəbbimiz Lut qövmünün bu azğınlığına qarşı şiddətli bir əzabla qarşılıq verəcəyini elçiləri vasitəsilə Hz.Luta bildirdi:

"Lut dedi: "Siz yad adamlarsınız!" Belə cavab verdilər: "Xeyr, biz sənin yanına onların şübhə etdikləri şeylə gəlmişik! Biz sənə doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğrudanışanlarıq! Gecənin bir vaxtı ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın. Sizə əmr olunan yerə gedin!" Və ona vəhy etdik ki, səhər çağı onların kökü kəsilmiş olacaq"
("Hicr" surəsi, 62-66).

"Dedilər: "Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların vaxtı səhərdir. Səhər yaxın deyilmi?"" ("Hud" surəsi, 81).
Ayədə bildirilən əhəmiyyətli bir həqiqət də Hz.Lutun həyat yoldaşının da həlak ediləcək qövmə daxil olmasıdır. O, Hz.Lut kimi Allah`ın aləmlərə üstün qıldığı, peyğəmbərlik mərtəbəsi ilə şərəfləndirdiyi qiymətli bir qulunun xanımı olmuş, ancaq bir nemət və şərəf olan bu sifət ona - səmimiyyətsizliyi və inkarı üzündən - bir şey qazandırmamışdı.

Hz.Lutun xanımının bu şəkildə həlak edilməsi Allah`ın "seçkin və xeyirli" kimsələr qıldığı peyğəmbərlərin yaxını olma və ya onların soyundan gəlmə kimi bağların insanların axirət əzabından yaxa qurtarmasını təmin etməyəcəyini göstərir. Bir insanın nicat tapması o adamın Allah`a olan dərin imanı, təslimiyyəti, itaəti və Allah`dan şiddətlə qorxub çəkinməsi ilə bağlıdır. Əgər adamın qəlbində belə səmimi bir iman yoxdursa, Allah`ın elçilərinin ən yaxını belə olsa heç kəs üçün qurtuluş yoxdur. Hətta Allah`ın elçilərinin yaxınında olub, ondan tərbiyə alıb yenə də inkar etməsi o adamın Allah qatında məsuliyyətini daha da artıra bilər. Necə ki, Allah Quranda peyğəmbərlərin xanımları haqqında bu şəkildə buyurur:

"Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır! Sizdən hər kim Allah`a və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün tükənməz ruzi hazırlamışıq. Siz ey Peyğəmbərin zövcələri! Allah`dan qorxacağınız təqdirdə siz qadınların heç biri kimi deyilsiniz. Buna görə də yumşaq danışmayın, yoxsa qəlbində mərəz düşər. Gözəl danışın! Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allah`a və Rəsuluna itaət edin. Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz etmək istər!"
("Əhzab" surəsi, 30-33).

Rəbbimiz bu mövzuda Hz.Lutun və Hz.Nuhun inkarçı xanımlarını bizlərə dərs olaraq mİsal verir. Ayədə ayrıca Fironun iman edən xanımı da səmimiyyəti, Allah qorxusu və içdən duası ilə çox gözəl bir nümunə olaraq bildirilir:

"Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini mİsal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və onları Allah`dan heç vəchlə qurtara bilmədilər. Onlara: "Başqaları ilə birlikdə siz ikiniz də cəhənnəmə girin!" -deyildi. Allah iman gətirənlərə isə Fironun zövcəsini mİsal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev tik, Məni Firondan və onun əməlindən qurtar. Məni zalim qövmdən xilas et!" - demişdi" ("Təhrim" surəsi, 10-11).


www.adnanoktar.com
A9 tv
Design studio 313